Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun yaradılmasının 67 illiyi münasibəti ilə təntənəli iclas keçirilmişdir. 1958-ci il aprelin 14-də təsis edilmiş İqtisadiyyat İnstitutunda aprelin 14-ü hər il “İnstitut günü” kimi də qeyd olunur.
Tədbiri giriş sözü ilə açan ETN İqtisadiyyat İnstitutunun baş direktoru, i.e.d., professor Nazim Müzəffərli İnstitutun yaranması tarixindən, keçdiyi şərəfli inkişaf yolundan, Azərbaycan iqtisad elminə və ölkə iqtisadiyyatına verdiyi töhfələrdən, apardığı fundamental tədqiqatlardan danışıb. Bildirib ki, müstəqillik illərində İqtisadiyyat İnstitutu Azərbaycanın müstəqil milli iqtisadiyyatının formalaşdırılması və inkişafı istiqamətində uğurlu və sanballı elmi-tədqiqat işləri yerinə yetirmiş, peşəkar milli kadrların hazırlanması sahəsində mühüm xidmətlər göstərmişdir. Azərbaycanda fundamental elm mərkəzi olmaqla ölkədə tanınmış iqtisadçılar nəsli yetişdirmişdir. Burada uzun illər görkəmli iqtisadçı alimlər çalışıblar.
Baş direktor professor Şahbaz Muradovu Azərbaycan Ağsaqqallar Şurası tərəfindən “Elm günü” münasibətilə “Fəxri Ağsaqqal” döş nişanı ilə təltif edilməsi münasibəti ilə təbrik edib. Habelə bu günlərdə yubiley yaşları olmuş əməkdaşlar, o cümlədən şöbə müdiri, dosent Mahir Zeynalovu və böyük elmi işçi Svetlana Nəcəflini təbrik edib, onlara diplom təqdim edilib. Bildirilib ki, 67 illiklə bağlı İnstitutun hər bir əməkdaşına 67 manat pul mükafatı verilib.
İclasda ETN İqtisadiyyat İnstitutunun şöbə müdirləri - AMEA-nın müxbir üzvü, professor Şahbaz Muradov, professor Tofiq Hüseynov və prof. Tərbiz Əliyev çıxış edərək İnstitutun Azərbaycanda iqtisad elminin inkişafındakı rolu, mövqeyi və əhəmiyyətindən, zəngin tarixi inkişaf yolundan danışıblar. İnstitutun fəaliyyətini yüksək qiymətləndirməklə yanaşı kollektivə gələcək elmi tədqiqatları sahəsində uğurlar arzulayıblar. Qeyd olunub ki, 55 il ərzində mövcud olmuş dissertasiyaların müdafiə şuralarında 900-dən artıq fəlsəfə doktoru, 100-dən çox elmlər doktoru işi müdafiə edilmişdir. İnstitutun həmin yetirmələri Azərbaycan iqtisadiyyatının idarə olunması və inkişafına böyük töhfələr veriblər, hazırda da dövlət qurumlarında, ölkə parlamentində uğurla təmsil olunurlar.
Azərbaycanda fundamental və tətbiqi iqtisadi araşdırmaların əsas mərkəzlərindən biri olan İqtisadiyyat İnstitutunda müstəqil milli iqtisadiyyatının sosial-iqtisadi inkişaf problemləri ilə bağlı fundamental tədqiqatlar aparılır. İnstitutun hazırda yerinə yetirdiyi elmi-tədqiqat istiqaməti Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq olunmuş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə, eləcə də “AMEA 2020-2025-ci illər üçün inkişaf proqramına” uyğun olaraq müəyyənləşdirilmişdir.
İnstitut Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq olunmuş dövlət proqramlarının və Nazirlər Kabinetinin qərarlarının icrası ilə bağlı müvafiq dövlət qurumları ilə sıx əməkdaşlıq edir, onların sifarişlərini yerinə yetirir və birgə tədqiqatlar aparır. Habelə ölkənin aparıcı universitetləri ilə elm və təhsilin inteqrasiyası məqsədi ilə birgə layihələr həyata keçirilir. İnstitutun əməkdaşları hökumət qurumlarının iqtisadiyyatla bağlı 10-dan artıq işçi qruplarında ekspert qismində təmsil olunurlar. Qarabağda yeni iqtisadiyyat quruculuğu sahəsində İnstitutun apardığı tədqiqatlar dövlət tərəfindən yüksək qiymətləndirilir.
İqtisadiyyat İnstitutu Azərbaycan iqtisad elminin flaqmanı kimi öz üzərinə düşən missiyasını bundan sonra daha da irəli aparmaq əzmindədir. Strateji hədəfləri isə yaxın perspektivdə Azərbaycanda fundamental iqtisadi tədqiqatların real mərkəzinə, iqtisadi tədqiqatların əsas əlaqələndiricisinə, hökumətin kollegial ekspertinə və məsləhətçisinə çevrilməkdir.





