10-12 iyun tarixlərində Bakı Expo Mərkəzində İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM), Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyası (KOBSKA) və Türkiyənin “Rok Expo” şirkətinin birgə təşkilatçılığı ilə Bakıda “II Türk dövlətləri ticarət və investisiya əməkdaşlıq forumu və sərgisi” keçirilib.
Forumda “Türk dövlətlərinin iqtisadiyyatı”, “Türk dövlətlərində kənd təsərrüfatı ticarəti və imkanları”, “Kommersiya mübahisələrinin həllində arbitraj və mediasiya”, “Türk dövlətlərində rəqəmsal ticarət”, “Türk dünyası biznes qadınları zirvəsi”, “Akademik istiqamətlər”, “Startaplar və investisiyalar”, “Türk dünyasında mediyanın gücü” mövzularında panel müzakirələri təşkil olunub.
İyunun 12-də keçirilən “Akademik istiqamətlər” panelində AR ETN İqtisadiyyat İnstitutunun şöbə müdiri, i.e.d., professor Fuad Qənbərov çıxışı edib. Türk dövlətləri arasında iqtisadi əlaqələrin müasir vəziyyəti və potensial imkanları barədə danışan F.Qənbərov ölkələr arasında idxal-ixrac əməliyyatlarının genişləndirilməsi, investisiya qoyuluşlarının artırılması və birgə tədqiqatların aparılması üçün böyük imkanlar olduğunu qeyd edib.





