Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunda əməkdaşların elmi-tədqiqat plan işlərinin yerinə yetirilməsi üzrə illik hesabatların elmi şöbələrdə müzakirəsi aparılır. Oktyabrın 15-də İnstitutun “Monetar və fiskal tənzimləmə problemləri” şöbəsində 2025-ci ildə həyata keçirilən elmi-tədqiqat plan işləriniELn nəticələrinə dair hesabat iclası keçirilmişdir. Şöbə müdiri, iqtisad elmləri doktoru Yaşar Məmmədovun sədrliyi ilə keçirilən iclasda elmi əməkdaşların illik hesabatları dinlənilmiş və nəticələr müzakirə edilmişdir. Şöbənin ümumi tədqiqat mövzusu “Maliyyə bazarı və vergi sisteminin rəqabətqabiliyyətli iqtisadiyyat quruculuğuna təsirinin qiymətləndirilməsi və gücləndirilməsi” istiqamətinə həsr olunmuşdur.
Aparıcı elmi işçi Tanrıverdi Paşa “Vergi mühitinin yaxşılaşdırılması istiqamətlərinin müəyyən olunması”, dosent Ramil Əliyev “Büdcə daxilolma bazasının artırılması istiqamətləri”, i.f.d. İsgəndər Babazadə “Azərbaycanda büdcə sistemi göstəricilərinin beynəlxalq metodoloji tələblərə uyğun təkmilləşdirilməsi istiqamətləri”, i.f.d. Sülduz Səlimov “Azərbaycanda büdcə xərclərinin səmərəliliyinin artırılması yolları”, elmi işçi Azər Əliyev “Büdcə daxilolmalarında sair gəlirlərin əhatə dairəsinin genişləndirilməsi yolları”, elmi işçi Mətanət Cəfərova isə “Büdcənin elm və təhsil xərclərinin istifadə səmərəliliyinin yüksəldilməsi istiqamətləri” mövzusunda hesabat təqdim etmişlər. Məruzələr ətrafında geniş müzakirələr aparılmış, elmi nəticələrin təkmilləşdirilməsi ilə bağlı təklif və tövsiyələr verilmişdir.
Şöbə müzakirəsində, eyni zamanda, şöbəyə təhkim edilmiş doktorantların da elmi işləri müzakirə edilmişdir. Elşən Muxtarlı “Azərbaycan Respublikasında inflyasiyanın məşğulluğa təsirinin qiymətləndirilməsi”, Xəzər Aslanlı “Azərbaycan Respublikasında qeyri-formal iqtisadiyyatın büdcə gəlirlərinə təsirinin azaldılması yolları” mövzularında iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün yerinə yetirdikləri dissertasiya işi üzrə tədqiqatlarını təqdim ediblər.





