İyunun 16-da Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunda Gənc Alimlər və Mütəxəssislər Şurasının növbəti toplantısı keçirilib. Şuranın sədri, iqtisad üzrə fəlsəfə doktoru Elnur Zeynalovun sədrliyi ilə təşkil olunan tədbirdə aqrar sektorun maliyyələşdirilməsi və bu sahədə resurslardan səmərəli istifadə məsələləri müzakirə edilib.
Toplantıda İnstitutun doktorantı Nicat Muradov “Aqrar sahədə maliyyə resurslarından istifadənin səmərəliliyinə təsir edən amillər” mövzusunda məruzə ilə çıxış edib. Məruzəçi Azərbaycanda aqrar sektorun mövcud inkişaf meyilləri, kənd təsərrüfatı istehsalçılarının maliyyə ehtiyacları, dövlət tərəfindən tətbiq olunan vergi və maliyyə təşviqləri, eləcə də maliyyə resurslarından istifadənin effektivliyini şərtləndirən əsas amillər barədə ətraflı məlumat verib.
Nicat Muradov bildirib ki, aqrar sahənin dayanıqlı inkişafı üçün maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi, kredit və subsidiyaların səmərəliliyinin artırılması, müasir maliyyələşdirmə mexanizmlərinin tətbiqi və fermerlərin maliyyə savadlılığının yüksəldilməsi mühüm əhəmiyyət kəsb edir. O, kənd təsərrüfatında maliyyə resurslarından istifadənin səmərəliliyinin artırılması istiqamətində bir sıra təklif və tövsiyələr də səsləndirib.
Məruzədən sonra mövzu ətrafında geniş müzakirələr aparılıb. Tədbirdə iştirak edən gənc tədqiqatçılar və elmi əməkdaşlar aqrar sektorun maliyyələşdirilməsi ilə bağlı fikir və mülahizələrini bölüşüb, məruzəçiyə suallar ünvanlayıblar.
Müzakirələrdə iştirak edən İqtisadiyyat İnstitutunun icraçı direktoru, dosent Famil Rüstəmov tədqiqatın aktuallığını vurğulayaraq aqrar sahədə maliyyə resurslarından istifadənin səmərəliliyinin ölkənin ərzaq təhlükəsizliyi və kənd təsərrüfatının rəqabət qabiliyyətinin artırılması baxımından mühüm əhəmiyyət daşıdığını qeyd edib. O, aparılan tədqiqatın daha da dərinləşdirilməsi, beynəlxalq təcrübənin öyrənilməsi və müasir iqtisadi yanaşmaların tətbiqi ilə bağlı öz tövsiyələrini səsləndirib.
Toplantı çərçivəsində iştirakçıların sualları cavablandırılıb, müxtəlif təkliflər irəli sürülüb və mövzu üzrə elmi fikir mübadiləsi aparılıb.






