İyulun 1-də Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunda Gənc Alimlər və Mütəxəssislər Şurasının növbəti toplantısı keçirilib. Şuranın sədri, iqtisad üzrə fəlsəfə doktoru Elnur Zeynalovun sədrliyi ilə təşkil olunan tədbirdə ali təhsil sisteminin iqtisadi səmərəliliyinin artırılması və bu istiqamətdə mövcud problemlər ətrafında geniş müzakirələr aparılıb.
Toplantıda İnstitutun doktorantı Aytən Ağayeva “Azərbaycan Respublikasında ali təhsilin iqtisadi səmərəliliyinin yüksəldilməsi yolları” mövzusunda məruzə ilə çıxış edib.
Məruzəçi ali təhsilin sosial-iqtisadi inkişafda rolu, insan kapitalının formalaşmasına təsiri və iqtisadi artımın təmin edilməsində ali təhsil müəssisələrinin əhəmiyyəti barədə ətraflı məlumat verib. O, bu sahədə beynəlxalq təcrübəni təhlil edərək müxtəlif ölkələrdə tətbiq olunan uğurlu idarəetmə modelləri, ali təhsilin maliyyələşdirilməsi mexanizmləri və universitetlərin fəaliyyətinin səmərəliliyinin qiymətləndirilməsi üsullarını diqqətə çatdırıb.
A.Ağayeva bildirib ki, tədqiqat çərçivəsində Azərbaycanda ali təhsil sisteminin müasir vəziyyəti və inkişaf meyilləri kompleks şəkildə araşdırılıb. Təhlillər zamanı ali təhsil müəssisələrinin tələbə kontingenti, professor-müəllim heyəti və digər statistik göstəriciləri qiymətləndirilib, universitetlərin fəaliyyət səmərəliliyinə təsir göstərən əsas amillər müəyyənləşdirilib.
Məruzədə təhsildə keyfiyyətin yüksəldilməsi, ali təhsil müəssisələrində rəqəmsal transformasiya prosesinin sürətləndirilməsi, innovativ idarəetmə mexanizmlərinin tətbiqi, universitet–sənaye–dövlət əməkdaşlığının gücləndirilməsi və təhsil sistemi ilə əmək bazarı arasında uyğunluğun təmin olunması məsələlərinə xüsusi diqqət yetirilib.
Məruzənin sonunda tədqiqatın nəticələri əsasında ali təhsil sisteminin inkişafına yönəlmiş bir sıra təklif və tövsiyələr təqdim olunub. Təkliflər ali təhsil müəssisələrinin fəaliyyətinin səmərəliliyinin artırılması, əmək bazarının tələblərinə uyğun kadr hazırlığının təkmilləşdirilməsi, universitetlərin innovasiya potensialının gücləndirilməsi və beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətlərini əhatə edib.
Müzakirələrdə iştirak edən İqtisadiyyat İnstitutunun icraçı direktoru, dosent Famil Rüstəmov tədqiqat mövzusunun aktuallığını vurğulayaraq ali təhsilin iqtisadi səmərəliliyinin yüksəldilməsinin ölkənin sosial-iqtisadi inkişafı, insan kapitalının gücləndirilməsi və rəqabətqabiliyyətli iqtisadiyyatın formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıdığını bildirib. O, tədqiqatın daha da dərinləşdirilməsi, beynəlxalq müqayisəli təhlillərin genişləndirilməsi və əldə olunan nəticələrin praktik tətbiqi ilə bağlı öz tövsiyələrini səsləndirib.
Toplantı çərçivəsində iştirakçıların sualları cavablandırılıb, mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb və ali təhsil sisteminin gələcək inkişaf perspektivləri ilə bağlı müxtəlif təkliflər irəli sürülüb.






