Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun baş elmi işçisi, iqtisad elmləri doktoru, tanınmış neftçi-alim Beykəs Seyfulla oğlu Xıdırovun 90 illik yubileyidir.
Azərbaycanın neft sənayesinin və iqtisad elminin inkişafında uzun illər səmərəli fəaliyyət göstərmiş Beykəs Xıdırov zəngin elmi yaradıcılığı, fundamental tədqiqatları və çoxillik istehsalat təcrübəsi ilə seçilən alimlərdəndir. Onun elmi və əmək fəaliyyəti Azərbaycan neft sənayesinin müxtəlif inkişaf mərhələləri ilə sıx bağlı olub.
Neft sənayesi ilə başlayan elm yolu
Beykəs Seyfulla oğlu Xıdırov 1936-cı il avqustun 22-də Xaçmaz rayonunun Həsən-Qala kəndində kolxozçu ailəsində anadan olub. Orta təhsilini uğurla başa vurduqdan sonra 1955-ci ildə Məşədi Əzizbəyov adına Sənaye İnstitutunun Mühəndis-İqtisad fakültəsinə daxil olub. 1960-cı ildə Azərbaycan Sənaye İnstitutunu bitirərək əmək fəaliyyətinə Azərbaycan Elmlər Akademiyasının Neft-Kimya Prosesləri İnstitutunda başlayıb.
Gənc mütəxəssis ilk illərdən neft-kimya sənayesində texniki proseslərin iqtisadi səmərəliliyinin qiymətləndirilməsi istiqamətində fəaliyyət göstərib. İnstitutun “İqtisadi tədqiqatlar” laboratoriyasında çalışan Beykəs Xıdırova sürtkü yağları və aşqarların istehsalı ilə bağlı tədqiqatların iqtisadi əsaslandırılması həvalə olunub.
Bu dövr onun gələcək elmi fəaliyyətinin əsas istiqamətini müəyyənləşdirib: neft sənayesində texnoloji yeniliklərin iqtisadi səmərəliliyinin qiymətləndirilməsi.
Neft emalında iqtisadi səmərəliliyin tədqiqi
Beykəs Xıdırovun elmi fəaliyyətinin mühüm istiqamətlərindən biri Azərbaycanda hasil olunan müxtəlif növ neftlərdən yüksək keyfiyyətli sürtkü yağlarının istehsalının iqtisadi əsaslandırılması olub.
1960-cı illərdə neftin tərkibində parafin karbohidrogenlərinin artması və bunun sürtkü yağlarının istehsalına yaratdığı texniki problemlər yeni iqtisadi və texnoloji yanaşmalar tələb edirdi. Bu istiqamətdə aparılan tədqiqatlar nəticəsində respublikada hasil olunan parafinli neftlərdən müxtəlif çeşiddə sürtkü yağlarının istehsal texnologiyasının iqtisadi baxımdan əsaslandırılmasında Beykəs Xıdırov mühüm rol oynayıb.
1964-cü ildə Moskvada Ümumittifaq Neft Emalı Elmi-Tədqiqat İnstitutunda aparılan tədqiqatlara cəlb olunması da onun elmi fəaliyyətində mühüm mərhələ olub. Altı ay davam edən elmi ezamiyyət zamanı respublika neft emalı müəssisələrində mövcud vəziyyətin ittifaq miqyasında nəzərə alınmasına nail olunması istiqamətində fəaliyyət göstərib.
Onun tərəfindən bir sıra aşqarların ilkin iqtisadi əsaslandırmaları da hazırlanıb. Bu tədqiqatlar neft-kimya texnologiyalarının iqtisadi səmərəliliyinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyıb.
Namizədlikdən doktorluğa...
Uzun illər apardığı tədqiqatları ümumiləşdirən Beykəs Xıdırov 1971-ci ildə “Azərbaycanda yüksək keyfiyyətli yağ istehsalının iqtisadi səmərəliliyinin tədqiqi” mövzusunda dissertasiya müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsi alıb.
1970-ci illərin sonlarından etibarən “İqtisadi tədqiqatlar” laboratoriyasına rəhbərlik edən alim neft emalı və neft-kimya sahələrində aparılan çoxsaylı tədqiqatların iqtisadi qiymətləndirilməsində iştirak edib, bir sıra elmi işlərin rəhbəri və icraçısı olub. Karbamidlə parafinsizləşdirmə, katalitik krekinq, yağların hidrogenlə təmizlənməsi və digər texnoloji proseslərin iqtisadi səmərəliliyinin qiymətləndirilməsi onun elmi fəaliyyətinin mühüm istiqamətlərini təşkil edib.
1980-ci illərin sonunda neft emalı iqtisadiyyatı sahəsində apardığı tədqiqatları sistemləşdirərək doktorluq dissertasiyası üzərində işləmək məqsədilə Moskvada Qubkin adına Neft və Qaz İnstitutuna ezam olunması onun elmi yaradıcılığında növbəti mühüm mərhələ olub.
1990-cı ildə “Azərbaycanda neft emalının səmərəliliyinin yüksəldilməsinin əsas istiqamətləri” mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək iqtisad elmləri doktoru alimlik dərəcəsinə layiq görülüb. Bu tədqiqatda neft emalında səmərəli texnoloji istiqamətlərin qiymətləndirilməsi, maya dəyərinin hesablanması və iqtisadi nəticələrin müəyyənləşdirilməsi ilə bağlı yeni yanaşmalar irəli sürülüb.
Elm və istehsalatın vəhdəti
Beykəs Xıdırovun fəaliyyətinin mühüm xüsusiyyətlərindən biri elmi araşdırmaları istehsalatın real problemləri ilə əlaqələndirməsidir. O, yalnız nəzəri tədqiqatlarla kifayətlənməyib, müxtəlif illərdə birbaşa neft emalı müəssisələrində iqtisadi məsələlərin həllində iştirak edib.
1992-ci ildə indiki Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda iqtisadi məsələlər üzrə direktor müavini vəzifəsində çalışıb. Burada neft məhsullarının maya dəyərinin kalkulyasiyası metodunun təkmilləşdirilməsi üzrə işlərdə iştirak edib. Hazırlanmış metodika Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə razılaşdırılaraq 1998-ci ildə Neft Şirkəti tərəfindən təsdiqlənib.
1997–1998-ci illərdə Azərbaycanda yanacaq və yağ istehsalının mərhələli inkişaf perspektivlərinin müəyyənləşdirilməsi istiqamətində aparılan tədqiqatların iqtisadi əsaslandırılmasına rəhbərlik edib.
2006-cı ildə SOCAR rəhbərliyinin təşəbbüsü ilə Neft Şirkətinin baş ofisində “Emal kompleksi üzrə texnoloji araşdırmalar” şöbəsinin rəisi vəzifəsində fəaliyyət göstərib. 2014-cü ildən isə Neft Şirkətinin məsləhətçi MMC-sində aparıcı iqtisadçı kimi çalışıb.
90 illik ömür – elmə və neft sənayesinə xidmət
Beykəs Xıdırovun elmi yaradıcılığı kifayət qədər zəngindir. O, neftayırma və neft sənayesinin iqtisadiyyatı üzrə 70-ə yaxın elmi məqalənin və 3 monoqrafiyanın müəllifidir. 1998-ci ildən AMEA İqtisadiyyat İnstitutunun nəzdində fəaliyyət göstərən Dissertasiya Şurasının üzvü kimi də elmi kadrların hazırlanması prosesində iştirak edib.
Onun çoxillik elmi və istehsalat fəaliyyəti müxtəlif illərdə yüksək qiymətləndirilib. Alim 1976-cı ildə SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin bürünc medalına, 1979-cu ildə SSRİ Neft Emalı və Neft-Kimya Sənayesi Əlaçısı döş nişanına, 2003-cü ildə Azərbaycan Respublikasının “Şöhrət” ordeninə və 2008-ci ildə ARDNŞ-nin Fəxri fərmanına layiq görülüb.
Azərbaycan neft sənayesinin inkişafına verdiyi töhfələrə görə Prezident İlham Əliyevin 19 sentyabr 2016-cı il tarixli Sərəncamı ilə Beykəs Xıdırova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib.
Beykəs Xıdırovun 90 illik ömür yolu Azərbaycan neft sənayesinin inkişaf tarixinin mühüm mərhələləri ilə paralel gedib. O, altmış ildən artıq elmi və əmək fəaliyyəti ərzində neft hasilatı və emalının iqtisadi problemlərinin araşdırılmasına, texnoloji yeniliklərin iqtisadi səmərəliliyinin qiymətləndirilməsinə, istehsal xərclərinin və maya dəyərinin hesablanması metodlarının təkmilləşdirilməsinə mühüm töhfələr verib.
Onun fəaliyyətində diqqəti çəkən əsas məqam neftçi və iqtisadçı alim keyfiyyətlərinin vəhdətidir. Məhz bu vəhdət ona neft sənayesində texnoloji proseslərə yalnız texniki baxımdan deyil, həm də iqtisadi səmərəlilik prizmasından yanaşmağa imkan verib.
Bu gün də Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun baş elmi işçisi kimi fəaliyyətini davam etdirən Beykəs Xıdırov zəngin elmi və peşəkar təcrübəsini yeni nəsil tədqiqatçılarla bölüşür. Onun keçdiyi həyat yolu gənc alimlər üçün əməksevərlik, peşəkarlıq, elmə sədaqət və seçilmiş yola inamın nümunəsidir.
Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun kollektivi adından 90 illik yubileyi münasibətilə tanınmış neftçi-alim, iqtisad elmləri doktoru Beykəs Seyfulla oğlu Xıdırovu ürəkdən təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür, ailə səadəti, xoş günlər və elmi fəaliyyətində yeni uğurlar arzulayırıq!






