“Bazar infrastrukturu” kitabı çapdan çıxıb. Kitabın müəllifləri Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin dosentləri - Teyyub Əliyev və Şəms Əliyeva, Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun aparıcı elmi işçisi, dosent Ramil Əliyev və böyük elmi işçi Sevda Mahmudovadır. Kitab ADNSU-nun "Bazar infrastrukturu” fənninin proqramına uyğun olaraq yazılmışdır.
Kitabın rəyçisi Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun şöbə müdiri, professor Tərbiz Əliyevdir.
Ölkə iqtisadiyyatının, o cümlədən sahibkarlığın inkişafında bütövlükdə bazar infrastrukturunun, eləcə də onun tərkibinə daxil olan ayrı-ayrı elementlərin formalaşması və inkişafı əhəmiyyətli rol oynayır. Kitabda ölkə iqtisadiyyatının inkişafına və tənzimlənməsinə təsir göstərən əmtəə və xidmətlər, istehsal vasitələri, daşınmaz əmlak, maliyyə, investisiya, innovasiya, lizinq, sığorta, informasiya, reklam, konsaltinq xidmətləri, əmək bazarlarının strukturu və infrastrukturu şərh edilir.
Kitab ali məktəblərin bakalavr pilləsində təhsil alan tələbələr üçün nəzərdə tutulmuşdur. Ondan həmçinin ali məktəb müəllimləri, müəssisə, fırma və təşkilatların mütəxəssisləri istifadə edə bilərlər (economics.org.az).





