İyulun 9-da Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın “Əmək bazarı” İşçi Qrupunun növbəti iclası “Zoom” platforması vasitəsilə keçirilib.
İclasda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Elm və Təhsil Nazirliyinin, Ədliyyə Nazirliyinin, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin, Dövlət Statistika Komitəsinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin nümayəndələri iştirak ediblər.
Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunu tədbirdə “İnklüziv sosial inkişaf” şöbəsinin müdiri, iqtisad elmləri doktoru, professor Rəsmiyyə Abdullayeva təmsil edib.
İclasa Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini, “Əmək bazarı” İşçi Qrupunun rəhbəri Zaur Əliyev sədrlik edib. Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın Katibliyinin rəhbəri, Azərbaycan Respublikası Prezident Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin sektor müdiri Vüsal Şıxəliyev giriş nitqi ilə çıxış edərək İşçi Qrupunun fəaliyyət istiqamətləri və qarşıda duran vəzifələr barədə məlumat verib.
İclasın gündəliyinə uyğun olaraq “Əmək bazarı” İşçi Qrupunun fəaliyyət istiqamətinə aid bir sıra beynəlxalq reytinq hesabatlarının yekun nəşrləri ilə bağlı təqdimatlar dinlənilib. Təqdimatlarda əmək bazarının inkişaf göstəriciləri, beynəlxalq qiymətləndirmə meyarları və ölkənin mövqeyinin daha da yaxşılaşdırılması istiqamətində görülən işlər barədə məlumat verilib.
Təqdimatlardan sonra iştirakçıların sualları cavablandırılıb, beynəlxalq reytinqlərdə əmək bazarı göstəricilərinin təkmilləşdirilməsi, aidiyyəti dövlət qurumları arasında koordinasiyanın gücləndirilməsi və gələcək fəaliyyət istiqamətləri ilə bağlı geniş müzakirələr aparılıb.
Qeyd edək ki, Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın “Əmək bazarı” İşçi Qrupu ölkədə əmək bazarının inkişafı ilə bağlı islahatların əlaqələndirilməsi, beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyinin yaxşılaşdırılması və bu istiqamətdə dövlət qurumları arasında əməkdaşlığın gücləndirilməsi məqsədilə mütəmadi olaraq iclaslar keçirir. Bu toplantılar əmək bazarı sahəsində həyata keçirilən islahatların səmərəliliyinin artırılması və beynəlxalq qiymətləndirmə sistemlərinə uyğunlaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.






