Altıncı “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsinin nəticələri elan olunub. Yarımfinal mərhələsində iştirak edən 326 namizəddən 130 nəfər final mərhələsində iştirak hüququ qazanıb. Onların arasında Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun doktorantları da var.
Belə ki, İqtisadiyyat İnstitutunun doktoranturasının məzunları - i.f.d. Simnar Paşazadə (elmi rəhbəri professor Fuad Qənbərov) və Cavid Abdullayev (elmi rəhbəri dosent Mahir Zeynalov), habelə hazırda doktoranturada təhsil alan Cavad Əliyev (elmi rəhbəri professor Nazim Müzəffərli) müsabiqənin final mərhələsinə yüksəliblər.
“Yüksəliş” müsabiqəsində üç gün davam edən yarımfinal mərhələsində namizədlər ekspertlər tərəfindən 9 səriştə üzrə qiymətləndirilib. Qiymətləndirmə strateji düşüncə, effektiv liderlik, qərarvermə, nəticəyönümlülük, işin effektivliyinin idarə edilməsi, adaptivlik, innovativ düşüncə, komanda işi və əməkdaşlıq, etika və dürüstlük istiqamətlərini əhatə edib.
Doktorantura/Aspirantura səviyyəsində final mərhələsinə keçən iştirakçıların sayı 14 nəfər təşkil edib. Onlardan 12 nəfəri təhsilini Azərbaycanda, 2 nəfəri isə xaricdə alıb. Mərhələni uğurla tamamlayan iştirakçılar altıncı “Yüksəliş” müsabiqəsinin final mərhələsində iştirak etmək hüququ əldə ediblər.
Yaş qrupları üzrə aparılan təhlilə əsasən, final mərhələsinə vəsiqə qazanan namizədlər arasında ən yüksək göstərici 21-30 yaş aralığında qeydə alınıb. Finalçılardan 64 nəfəri 21-30 yaş, 63 nəfəri 31-40 yaş, 3 nəfəri isə 41-51 yaş aralığındadır.
İqtisadi rayonlar üzrə nəticələrə əsasən, ən yüksək göstərici Bakı şəhəri üzrə qeydə alınıb. Paytaxt üzrə 77 nəfər namizəd final mərhələsində iştirak hüququ əldə edib. Digər iqtisadi rayonlar sırasında Şərqi Zəngəzur iqtisadi rayonu üzrə 8 nəfər, Abşeron-Xızı iqtisadi rayonu üzrə 7 nəfər, Şirvan-Salyan iqtisadi rayonu üzrə 7 nəfər, Şəki-Zaqatala iqtisadi rayonu üzrə 6 nəfər final mərhələsinə keçib.
İştirakçıların fəaliyyət göstərdikləri sektorlar üzrə bölgüsünə əsasən, final mərhələsinə keçən namizədlərin 47,47 faizi dövlət sektorunu, 48,73 faizi özəl sektoru, 1,90 faizi qeyri-hökumət təşkilatlarını, 1,90 faizi isə beynəlxalq qurumları təmsil edir.
Müsabiqənin final mərhələsi 17–19 iyul tarixlərində keçiriləcək.
“Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2019-cu il 26 iyul tarixli Sərəncamı ilə təsis olunub. Müsabiqənin qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı və özünüinkişaf üçün 20 min manat məbləğində pul mükafatı əldə edirlər.






