28 iyul, AZƏRTAC
Qarabağda və Şərqi Zəngəzurda həyata keçirilən yenidənqurma işləri ölkəmizin iqtisadi inkişaf strategiyasının mühüm istiqamətlərindən biridir. Aparılan quruculuq işləri uzunmüddətli perspektivdə ölkənin ümumi iqtisadi artımına, regionların balanslı inkişafına və investisiya potensialının genişlənməsinə ciddi töhfə verəcək. 2026-cı ilin ilk altı ayında işğaldan azad edilmiş ərazilərin bərpasına 1 milyard 64,1 milyon manat vəsait yönəldilib ki, bu da illik nəzərdə tutulan vəsaitin artıq 30,4 faizini təşkil edir. Bu, dövlətin həmin istiqamətdə strateji öhdəliklərini ardıcıl şəkildə yerinə yetirdiyini göstərir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında iqtisad elmləri doktoru, professor Rəsmiyyə Abdullayeva səsləndirib.
O bildirib ki, diqqət çəkən əsas məqamlardan biri ayrılmış vəsaitin 974,1 milyon manatının infrastruktur layihələrinə yönəldilməsidir: “Beynəlxalq təcrübə göstərir ki, infrastruktur investisiyaları iqtisadi artımın əsas stimullaşdırıcı amillərindən biridir. Yol, enerji, su və kommunal şəbəkələrin qurulması özəl investisiyaların cəlb edilməsinə, istehsal xərclərinin azalmasına, logistikanın yaxşılaşmasına və əlverişli biznes mühitinin formalaşmasına şərait yaradır. Xüsusilə avtomobil yollarının layihələndirilməsi, tikintisi və yenidən qurulmasına ayrılmış 489,3 milyon manat regionun nəqliyyat əlçatanlığını artırmaqla yanaşı, Qarabağın və Şərqi Zəngəzurun ölkənin əsas iqtisadi dəhlizlərinə inteqrasiyasını sürətləndirir. Bu, daxili ticarətin genişlənməsinə, yükdaşımalarının maya dəyərinin azalmasına və gələcəkdə beynəlxalq tranzit imkanlarının artmasına xidmət edən mühüm investisiyadır”.
Rəsmiyyə Abdullayevanın fikrincə, yeni yaşayış komplekslərinin tikintisinə ayrılmış 371,1 milyon manat təkcə sosial layihə deyil, həm də iqtisadi aktivliyin genişlənməsi baxımından mühüm əhəmiyyət daşıyır. Əhalinin doğma torpaqlara qayıdışı əmək bazarının formalaşmasını, kənd təsərrüfatının canlanmasını, xidmət sektorunun genişlənməsini, sahibkarlığın inkişafını və daxili tələbin artmasını təmin edir.
“Məlum olduğu kimi, işğaldan azad edilmiş ərazilərin turizm potensialı böyükdür. Turizm infrastrukturunun inkişafına ayrılmış 67,6 milyon manat bu potensialdan səmərəli istifadəyə xidmət edir. Qarabağın zəngin tarixi-mədəni irsi və təbii resursları regionu gələcəkdə ölkənin aparıcı turizm istiqamətlərindən birinə çevirə bilər. Şuşa, Xankəndi və Laçında kanat yolu layihələrinin maliyyələşdirilməsi iqtisadiyyatın şaxələndirilməsi baxımından da xüsusi əhəmiyyət daşıyır. Elektrik təchizatı, magistral su xətlərinin çəkilməsi və sənaye parklarının yaradılmasına ayrılan vəsait də uzunmüddətli iqtisadi səmərəliliyə hesablanmış investisiyalardır. Xüsusilə sənaye parklarının inkişafı regionda emal sənayesinin, logistika xidmətlərinin və ixracyönümlü istehsalın genişlənməsi üçün yeni imkanlar yaradacaq. Bu isə qeyri-neft sektorunun inkişafına və ölkə iqtisadiyyatının diversifikasiyası siyasətinə mühüm töhfə verəcək. Ərazilərin minalardan təmizlənməsinə yönəldilmiş 45,3 milyon manat da iqtisadi baxımdan mühüm əhəmiyyət daşıyır. Təhlükəsizlik təmin olunmadan nə kənd təsərrüfatının inkişafı, nə iri infrastruktur layihələrinin icrası, nə də özəl investisiyaların cəlb edilməsi mümkündür. Mina təhlükəsinin aradan qaldırılması iqtisadi dövriyyəyə yeni torpaq sahələrinin daxil edilməsini və investisiya risklərinin azalmasını təmin edir”, - deyə o diqqətə çatdırıb.
Professor vurğulayıb ki, Böyük Qayıdış Konsepsiyası artıq yalnız sosial proqram deyil, həm də ölkənin regional iqtisadi inkişaf modelinin əsas sütunlarından birinə çevrilib: “İnfrastruktur tam formalaşdırıldıqdan sonra Qarabağ və Şərqi Zəngəzurun aqrar istehsal, sənaye, logistika, turizm, yaradıcı sənayelər və xidmət sektoru üzrə yeni iqtisadi artım mərkəzi kimi çıxış edəcəyi gözlənilir. Odur ki, yenidənqurma işlərinə ayrılan vəsait cari xərc kimi deyil, uzunmüddətli iqtisadi gəlirlilik yaradacaq strateji dövlət investisiyası kimi qiymətləndirilməlidir. Bu investisiyalar təkcə işğaldan azad edilmiş ərazilərin bərpasına deyil, bütövlükdə ölkə iqtisadiyyatının inkişafına, regionlararası inkişaf fərqlərinin azalmasına xidmət edir”.






