29-30 iyun 2021-ci il tarixində Azərbaycan Beynəlxalq Bankı Sahibkarlar Klubuna üzv olan bir qrup iş adamı üçün Dövlət Vergi Xidmətinin Şamaxıda yerləşən Tədris Mərkəzində “Post-konflikt ərazilərin bərpası: biznes imkanları” mövzusunda təlimlər təşkil etmişdir. Təlimlərdə Dövlət Vergi Xidməti, KOBİA və AMEA-nın İqtisadiyyat İnstitutu yaxından iştirak edib.
Tədbirin açılış mərasimində Azərbaycan Beynəlxalq Bankının Korporativ Biznes üzrə baş direktoru Nərgizxanım Biləndərli,Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin rəhbəri Mirəli Kazımov, AMEA İqtisadiyyat İnstitutunun direktoru, i.e.d., professor Nazim Müzəffərli və Azərbaycan Beynəlxalq Bankının Kiçik və Orta Sahibkarlarla İş Departamentinin direktoru Nuru Xəlilov çıxış ediblər.
Təlimlərə AMEA İqtisadiyyat İnstitutunun direktoru, i.e.d., professor Nazim Müzəffərlinin rəhbərliyi ilə
İnstitutun 3, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) 2, ADA Universitetinin 1 əməkdaşı da təlimçi qismində qatılıblar. Belə ki, AMEA İqtisadiyyat İnstitutunun Post-Konflikt Ərazilərin Bərpası Elmi Mərkəzinin rəhbəri, iqtisad elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Akif Musayev və İqtisadiyyat İnstitutunun şöbə müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Mahir Zeynalov “Post-konflikt ərazilərin bərpası, yenidən qurulması və maliyyə qaynaqları”, İqtisadiyyat İnstitutunun şöbə müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Rəsmiyyə Abdullayeva və UNEC-in rektorunun müşaviri və “Beynəlxalq iqtisadiyyat” kafedrasının dosenti, iqtisad üzrə fəlsəfə doktoru Elşən Bağırzadə “Qarabağ: İqtisadi dirçəliş və
yeni biznes imkanları”, UNEC Empirik Tədqiqatlar Mərkəzinin direktoru, iqtisad üzrə fəlsəfə doktoru Xətai Alıyev və ADA Universitetinin əməkdaşı Şəbnəm Məhərrəmova “Post-konflikt ərazilərə özəl sektorun investisiyalarının təşviqi mexanizmi və formaları” mövzularında sahibkarlara 2 gün ərzində 4 qrupda olmaqla 12 təlim keçiblər.
Habelə təlimçi qismində Azərbaycan Beynəlxalq Bankının, Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin, KOBİA-nın
nümayəndələri də iştirak ediblər. Təlimin iştirakçıları olan 30-dan artıq müxtəlif sahələri təmsil edən sahibkarla düşməndən azad edilmiş ərazilərimizdə iqtisadiyyatın yenidən qurulması, sahibkarlığın inkişafı və yeni biznes imkanları geniş müzakirə edilib, Azərbaycan Beynəlxalq Bankının iş adamlarına təqdim etdiyi məhsul və xidmətlər, eləcə də mühasibatlıq, biznesin təkmilləşdirilməsi ilə bağlı mövzular təqdim olunub.
Qarabağda bərpa və yenidənqurma, yeni iqtisadiyyat quruculuğu ölkəmizin sahibkarları qarşısında tamamilə təzə, indiyədək görünməmiş, genişmiqyaslı və genişspektrli imkanlar açır. Söhbət sahibkarlarımızın, sadəcə, öz vətəndaşlıq borclarını yerinə yetirərək, bu ərazilərin həyata qaytarılmasında iştirakından deyil, eyni zamanda öz professional fəaliyyətləri çərçivəsində yeni biznes layihələri gerçəkləşdirməsindən gedir. Təlimlər zamanı Qarabağda aparılacaq yenidənqurma işlərinin təfərrüatı haqqında sahibkarlara geniş məlumat verilib, onlar üçün yaranacaq yeni biznes imkanları müzakirə edilib (economics.com.az).





