Martın 26-da Qətərdə başlayan “Doha Forumu 2022” bu gün - martın 27-də davam edir.
Tədbirə dunyanın 60-dan artıq ölkəsini təmsil edən yüksək rütbəli dövlət məmurları, biznes nümayəndələri, elm adamları qatılıblar. Forumda Azərbaycandan da nümayəndələr, o cümlədən AMEA İqtisadiyyat İnstitutunun baş direktoru, professor Nazim Müzəffərli (İmanov) iştirak edir. Hər il keçirilən və sayca 20-ci dəfə baş tutan Doha Forumunda bu dəfə “Yeni era üçün transformasiya” mövzusunda müzakirələr aparılır.
Forumun bugünkü panel iclaslarında iqtisadi böhranlar və koordinasiyalı qlobal bərpa səyləri: inklüziv şoxtərəfliliyə doğru, Rusiya-Ukrayna müharibəsinin Yaxın Şərqə geosiyasi təsirləri, Post-COVID dövründə birbaşa xarici investisiyaların gələcəyi; iqlim dəyişikliyi və dayanıqlı gələcək üçün uyğunlaşma siyasəti, Əfqanıstanda davamlı humanitar böhrana necə son qoymaq olar; dördüncü sənaye inqilabı: yeni era üçün çağırışlar və imkanlar; təhlükəli sular: Hind-Sakit okeanda sülh və rifah; peyvəndin paylanması: ədalətli sistem üçün birgə həllər; Fələstin hekayələrinin yenidən formalaşdırılması: kim dinləyir və bu, fərq yarada bilərmi; qlobal iqlim böhranlarının idarə edilməsi; Ukraynaya qarşı təcavüz: Yaxın Şərq üçün geosiyasi təsirlər; Körfəz ölkələrində davamlı inkişaf; münaqişə mühitlərinin dəyişdirilməsində qadınların rolu; iqtisadi inkişafa təkan vermək üçün kreativ iqtisadiyyatın gücləndirilməsi; qütbləşmiş dünyada qlobal əməkdaşlıq perspektivləri kimi aktual mövzular müzakirə edilir (economics.com.az).





