AMEA-nın Azad Həmkarlar İttifaqının (AHİ) və Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99 illik yubileyinə həsr edilən Akademiyanın gənc alim və mütəxəssislərinin VII institutlararası futbol çempionatının yarımfinal oyunları keçirilib.
Çempionatda fəal iştirak edən AMEA İqtisadiyyat İnstitutunun futbol komandası mayın 16-da keçirilən oyunda AMEA İnformasiya Texnologiyaları İnstitutunun komandası ilə qarşılaşıb. Maraqlı oyun baş tutub, İqtisadiyyat İnstitutunun komandası rəqibinə 6:2 hesabla ilə qalib gəlib və finala yüksəlib. Bu isə o deməkdir ki, ən azı 2-ci yer, gümüş medallar təmin olunub. Ancaq komandamız mayın 18-də keçiriləcək final oyununa yalnız qızıl medallar qazanmaq uğrunda çıxacaq.
Turnirə AMEA-nın 20 elmi müəssisə və təşkilatından 19 komanda qatılıb. 25 aprel - 25 may tarixlərində keçirilən oyunlar AFFA-nın peşəkar hakimi tərəfindən idarə olunur.
Xatırladaq ki, 2019-cu ildə keçirilən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunan “AMEA-nın gənc alim və mütəxəssislərinin VI futbol çempionatı”nda AMEA-nın İqtisadiyyat İnstitutunun komandası çempionatın qalibi olub və qızıl medallara layiq görülüb.
AMEA İqtisadiyyat İnstitutunun futbol komandasına bu çempionatda da çempion olmağı arzu edirik! (economics.com.az)





