Oktyabrın 13-də ETN İqtisadiyyat İnstitutunun daimi Elmi Seminarında İnstitutun Demoqrafiya və məşğulluq problemləri şöbəsinin aparıcı elmi işçisi, iqtisad üzrə fəlsəfə doktoru İntizar Qurbanova “Azərbaycanda əmək bazarı və kadr hazırlığının sosial-iqtisadi aspektləri” mövzusunda məruzə ilə çıxış etmişdir.
İnstitutun elmi katibi, i.e.d., dosent Leyli Allahverdiyevanın sədrliyi ilə keçirilən seminarda məruzəçi Azərbaycanda əmək bazarı və kadr hazırlığı sahəsində aktual olan müasir sosial-iqtisadi problemlərdən danışıb. Xüsusən də, demoqrafik məsələlərə toxunaraq son illər gənclərin sayının azalması, işsizlik probleminin 15-24 yaşlı gənclər arasında daha yüksək olması, həmçinin gənclərin NEET (təhsildə, məşğulluqda və ya təlimdə olmayan gənclər) səviyyəsinin narahatlıq doğurması məsələlərindən bəhs edib.
Tədqiqatçı Azərbaycanın əmək bazarını statistik göstəricilər və sorğu məlumatları əsasında təhlil etdiyini bildirərək, peşə, orta ixtisas və ali təhsil məzunlarının məşğulluq vəziyyəti barədə apardığı müqayisəli təhlili və nəticələri diqqətə çatdırıb. Habelə kadr hazırlığı sahəsindəki mövcud əsas problemləri qeyd edib. İki bazarın - əmək bazarı və təhsil bazarının qarşılıqlı əlaqəsini “Formal təhsilin qeyri-adekvatlığı əmək bazarında qeyri-formal təhsilin rolunu artırır” kimi ifadə edən müəllif problemin kökündə duran əsas məsələlərdən danışmaqla onların həlli istiqamətində təklif və tövsiyələrini səsləndirib.
Sonra mövzu ətrafında geniş müzakirələr aparılıb, suallar cavablandırılıb.
Qeyd edək ki, İ.Qurbanovanın “Azərbaycanda əmək bazarı və kadr hazırlığının sosial-iqtisadi aspektləri” mövzusunda monoqrafiyasının çapı nəzərdə tutulur (economics.org.az)





